Baş səhifə » FAQ | [ Sual ver! ] |
Üzərində Allahın, peyğəmbərlərin, on dörd məsumun, yəni imamların və Həzrət Fatimənin (ə) adları, Quran ayələri yazılmış kağıza hörmətsizlik etmək günahdır. Bu adlar hansı əlifba ilə yazılsa da fərq etməz. Əgər bu adların və ya Quran ayəsinin yazıldığı kağızı mütləq məhv etmək lazımdırsa, ən yaxşısı onu çürüməsi üçün torpağa basdırmaqdır. Bu kağızları yandırmaq, zibilliyə atmaq düzgün deyil, çünki hörmətsizlik və təhqir sayılır. Əgər kağızın yalnız bir küncündə müqəddəs sözlər yazılıbsa, həmin hissəni kəsib götürmək və basdırmaq lazımdır. Kağızın qalan hissəsini zibilliyə atmaq və ya yandırmaq olar. |
Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır. Ümumiyyətlə, İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah sayılır və haramdır. |
Təəssüf ki, əksər evlərdə bu cür hala rast gəlirik. İnsanlar Quranı dolabın yuxarısında bahalı ipək parçaya büküb saxlamaqla Müqəddəs Kitaba olan hörməti layiqincə yerinə yetirdiklərini düşünürlər. Amma Quran bükülü halda saxlanmaq, yalnız yas məclislərində oxunmaq üçün deyil, müsəlmanların daim müraciət etmələri, öyrənmələri üçün endirilib. Hədisdə deyilir ki, qiyamət günündə üç məxluq Allaha şikayət edəcək: camaatın gedib-gəlmədiyi və xarabalığa çevrilmiş məscid, oxunmayan və toz basmış Quran, cahillərin əhatəsində qalan və elmindən istifadə edilməyən alim. Ərəb dilini bilməyən adam heç olmazsa Quranın azərbaycan dilinə tərcüməsini oxuyub tanış olmalıdır. Evdəki ərəb dilində Quranı bir nəfər ruhaniyə verib xahiş etmək olar ki, bir neçə səhifə oxusun və tərcüməsini söyləsin. Ya da Quranı hər neçə vaxtdan-bir qohum-qonşuda ərəb dili bilən adama verib oxumasını xahiş etmək olar. |
Qadınla kişinin dəstəmaz almaq qaydaları arasında ən ciddi fərq budur ki, qadın naməhrəm kişinin gözü qarşısında dəstəmaz ala bilməz. Çünki bu zaman örtünməsi lazım olan bəzi bədən üzvlərini (saçını, qolunu) açmalıdır. Ümumilikdə dəstəmaz əməlləri hamı üçün eynidir. Amma müstəhəbdir ki, kişilər dəstəmazda qollarını yuyarkən suyu dirsəkdən, yəni qolun çöl tərəfindən töksünlər. Amma qadınlar qolun büküldüyü yerdən, yəni içəri tərəfdən suyu tökmələri müstəhəbdir. Bir daha qeyd edirik ki, bu, vacib hökm deyil, müstəhəb (bəyənilən) işdir. Başa məsh çəkəndə qadınların saçı daha uzun olduğuna görə, saçlarını tağ ayırıb, arasına məsh çəkmələri lazımdır. Kişilər isə tağ ayırmadan da məsh çəkə bilərlər. Amma saçı çox uzun olan kişilər də gərək tağ ayırsınlar. |
Əslində bunun o qədər də prinsipial fərqi yoxdur. Möhürün hər iki tərəfinin üzərinə səcdə etmək doğrudur. Amma bəzi səbəblərdən alt tərəfini çevirmək daha yaxşıdır. Çünki əvvəla, yazılı tərəfin səthi qeyri-hamar olur və alnın möhür üzərinə tam oturması daha çətindir. İkincisi, vaxt keçdikcə alındakı tərdən və nəmlikdən möhürün üzəri qaralır, bu zaman onu qaşıyıb təmizləmək lazım gəlir. Yazılı tərəfi qaşıyanda möhürün gözəlliyi pozulur, həm də hara möhürü olmasını ayırd etmək bir az çətinləşir. |
Nəyi isə oxuyub yadda saxlamaq üçün ən yaxşı vaxt sübh çağıdır. Sübh azanından Günəşin doğüşüna kimi keçən vaxt zehnin açıq, hafizənin güclü olduğu müddətdir. Acqarına mütaliə etmək, dərs oxumaq yaxşıdır. Çünki toxluq insanda tənbəllik və kütlük yaradır. Kim sübh namazını və onun nafiləsini (müstəhəb namazı) qılandan sonra Bəqərə surəsinin sonuncu ayəsindən "rəbbəna la tüvaxizna” ifadəsindən başlayıb axıra kimi oxusa, həmin gün ərzində oxuyub-öyrəndiklərini yadında saxlayar. Sübh namazından sonra bu duanı oxumaq yaddası gücləndirər: "Ya həyyü ya qəyyum! Fəla yəfutü şey’ən ilmühü və la yəudühü qüvvəh” (Tərcüməsi: "Ey diri və dayanıqlı olan Allah! Heç nə Onun elmini məhv edə və heç bir qüvvə Ona ziyan yetirə bilməz”). Həftə ərzində Bələd surəsini tez-tez oxumaq, Əla surəsini yazıb öz üstündə gəzdirmək də yaxşı nəticə verir. Bunlardan əlavə bal, kərəviz yemək də hafizəni artırır. Quran oxumaq, dişləri misvak çubuğu ilə təmizləmək də hafizəni qüvvətləndirir. Həmçinin, ata-ananın sözünə baxmaq (onlarla mehriban davranmaq), həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, gecə namazı qılmaq da tövsiyə edilib. |
Namaz qılan zaman diqqəti namaza yönəltmək, kənar məsələlər haqqında düşünməmək qılınan namazın savabını artırar. Müqəddəslərimiz namaza o qədər aludə olurdular ki, ətrafda baş verənləri sanki görmürdilər. Həzrət Əlinin (ə) ayağına batmış oxu namaz əsnasında dartıb çıxaranda o həzrət heç nə hiss etməmişdi. Diqqəti namaza yönəltmək üçün namazda deyilən sözlərin (surə və zikrlərin, duaların) mənasını bilmək və bu barədə düşünmək faydalı olar. İnsan Allahın qarşısında durmağın, Onunla ünsiyyətdə olmağın məsuliyyətini dərk etməlidir. Çünki namaz möminin meracıdır, sanki Allahla söhbətidir. Namazın hikməti barədə kitablar oxumaq, Allahın böyüklüyü barədə düşünmək, bütün dünyəvi problemlərin Allah sevgisi qarşısında cılız olduğunu unutmamaq, bütün çətinlikləri Allaha təvəkküllə həll etməyin mümkünlüyünə inanmaq da bu baxımdan faydalıdır. Dualarınızda da diqqətinizin artmasını Allahdan istəyə bilərsiniz. |
Məlumdur ki, orucun su və xurma ilə açılması Ramazan qaydalarından biridir. Belə ki, mütəxəssislər xurmanın tərkibinin şəkər, fibrin zülalı, karbohidrat, dəmir və magneziumdan ibarət olduğunu bildirirlər. Quru xurmada isə şəkərin miqdarı 75-80% təşkil edir. Xurma bağırsaqların normal fəaliyyətinə kömək edir. Tərkibində dəmir olduğu üçün anemiya xəstələrinə daha çox məsləhət görülür. Ancaq həddindən artıq istifadə edildikdə qanda şəkərin sürətlə artmasına səbəb olur. İftar zamanı 1-2 ədəd xurma yemək daha münasibdir. |
Küçədən, yoldan və ya hər hansı bir yerdən itirilmiş, sahibi olmayan mal (əşya, pul və s.) tapan şəxs sahibi tapılana qədər həmin malı özündə saxlaya bilər. İtirilmiş malı sahibinin tapma ehtimalı varsa və ya kimə aid olduğu bilinirsə həmin malın götürülməsi doğru deyil. Tapılan mallar qiymətli və qiymətsiz olmaqla iki növdür. Çöllərdə, tarlalarda, bağlarda tərk edilən və sahibindən (sahibi yığdıqdan sonra) artıq qalan taxıl, meyvə, fındıq, qoz və s.-nin hamısı qiymətsiz mallara aiddir. Alimlərin bəzilərinin fikrincə həmin məhsulları tapan kimsə ondan istifadə edə bilər. Belə məhsulların sahibini tapmaq üçün elan etməyə ehtiyac yoxdur. Əgər mal sahibi haqqını istəyərsə bu ödənilməlidir. Qiymətli hesab olunan malları tapan şəxs isə əvvəlcə tapdığı mala kimisə şahid tutmalı və malın bütün xüsusiyyətlərini müəyyənləşdirməlidir. Sonra da tapdığı malı elan etməlidir. Ubey ibn Kab nəql edir: Bir dəfə mən bir kisə pul tapdım. İçində yüz dinar vardı. Onu Rəsulullaha (s) göstərdim. Rəsulullah (s) həmin kisəni bir il boyunca elan etməyimi istədi. Mən də bir il elan etdim. Sahibi tapılmadı. Yenidən Rəsulullahın (s) yanına gəldim. Rəsulullah (s) yenə bir il elan etməyimi istədi. Yenə sahibini tapa bilmədim. Bu dəfə Rəsulullah (s) belə buyurdu: “Bu kisəni, içindəki pulun məbləğini yaxşı yadında saxla. Sahibini tapsan ona geri qaytar. Əgər sahibini tapmasan özün üçün xərclə.” . İtirilən malı tapan şəxs bir il ərzində ictimai yerlərdə- bazarlarda, məscidlərdə və s. müxtəlif üsullarla tapılan malı elan etməldir. Əgər sahibi ortaya çıxmasa həmin malı sahibinin adından kasıblara, ehtiyacı olanlara paylaya bilər. Əgər özü həqiqətən kasıbdırsa həmin maldan istifadə edə bilər. Özü həmin maldan istifadə etsə sonradan malın sahibi məlum olarsa istifadə elədiyi malın əvəzini ödəməlidir. |
Yaşayış mənzillərində it saxlamaq məkruhdur. Hədislərdə qeyd olunub ki, "İt olan evə mələklər daxil olmaz. |